Kartof Azərbaycanda əhalinin ən çox istehlak etdiyi əsas tələbat məhsullarından hesab olunur. 2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748,6 hektar təşkil edib. Ən çox kartof əkini Qazax-Tovuz (22028,3 ha), Lənkəran-Astara (7457 ha), Şəki-Zaqatala (3961 ha), Quba-Xaçmaz (3932 ha) iqtisadi rayonlarının ərazisində yerləşir. Daxili bazarın kartofa olan tələbatı əsasən yerli istehsal hesabına qarşılanır. İqlim şəraitindən, coğrafi amillərdən asılı olaraq Azərbaycanda kartof əkini prosesi fevral ayından başlayır və müxtəlif rayonlarda aprelin sonuna qədər davam edir. Qeyri-sabit hava şəraiti, normadan artıq yağıntı, müxtəlif bitki xəstəlikləri və s. kartofun məhsuldarlığına və məhsul keyfiyyətinə ciddi şəkildə mənfi təsir edir. Aqrar Sığorta Fondu fermerlərin qazanc itkisinin qarşısının alınması, təsərrüfatlara dəyən zərərin istehsalda davamlılığa təsirini azaltmaq məqsədilə 41 növ bitkini, o cümlədən kartof əkinlərini çoxsaylı risklərdən sığortalayır. 2024-cü ildə baş vermiş hadisələr nəticəsində kartof sahələrinə dəyən zərərə görə fermerlərə 11178,64 manat ödəniş edilib. Ümumilikdə təkcə keçən il ərzində aqrar sektora dəymiş zərər üzrə sığortalı təsərrüfatlara edilən sığorta ödənişi 6.4 milyon manat təşkil edib. Məhsullar üzrə sığorta şərtləri, ödəniş tarifləri, sığorta haqqı barədə ətraflı məlumatı Fondun www.asf.gov.az saytından əldə etmək olar. Bütün məhsullar üzrə sığorta ödənişləri fermerlərə 50% güşəztlə təklif olunur. Bunu misalla izah etsək, Quba-Xaçmaz iqtisadi rayonunda yetişdirilən 1000 manatlıq kartofun sığortalanması üçün sığorta haqqı 12,8 manatdırsa, fermer bunun yarısını – 6.4 manat ödəməklə məhsulunu sığortalaya bilər. Aqrar Sığorta Fondu fermerləri öz təsərrüfatlarını - əkinlərini, bağlarını və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən sığortalamağa, bununla da öz qazanclarını qorumağa çağırır.