Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən növbəti “KOB Fest” sərgi-satış yarmarkası Göyçay rayonunda keçirilib. Festivalda digər dövlət qurumları ilə yanaşı, Aqrar Sığorta Fondu da iştirak edib. Fondun Göyçay filialının nümayəndələri tədbirə qatılan sahibkarlara, fermer və təsərrüfat nümayəndələrinə aqrar sığorta, onun imkanları, sığorta olunan məhsullar və əhatə edilən risklər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, aqrar sığorta vasitəsilə bitkiçilik məhsulları, əkin sahələri, meyvə bağları, tərəvəz əkinəri sığortalanır. Bundan başqa, aqrar sığorta vasitəsilə, heyvandarlıq təsərrüfatları, iri və xırda buynuzlu heyvanlar da sığortalanır. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi məbləğlərlə öz təsərrüfatlarını sığorta edə bilərlər. Fermerlərə bildirilib ki, indiyədək dəymiş zərərlə bağlı təsərrüfatlara 10 milyon manatdan artıq vəsait ödənilib və bu məbləğ hər gün artmaqdadır.