Xəbər-detayı

Xəbərlər Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirilib

Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirilib

12-Aug-2025
news_image

Aqrar Sığorta Fondu Xaçmazda keçirilən Aqrar Biznes Festivalı və Şaftalı Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bölgələrdə kənd təsərrüfatı və yerli məhsulların təşviqinə həsr olunmuş məhsul festivalları uğurla davam etdirilir. Bu təşəbbüs çərçivəsində növbəti tədbirlər – Aqrar Biznes Festivalı və Şaftalı Festivalı Xaçmaz rayonunda baş tutub. Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə keçirilib. Festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir. Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını - xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub. Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların nümayəndələri, eləcə də digər dövlət qurumlarının əməkdaşları yer alıblar. Tədbirin açılış hissəsində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafı istqiamətində həyata keçirilən tədbirlərdən danışıb. O, Xaçmaz rayonunun 95 illik yubileyinə təsadüf edən festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər, turistlər və ailələr üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri tədbirə xüsusi rəng qatıb.