Aqrar Sığorta Fondunda Kənd Təsərrüfatı Nazirliyi və "Yüksəliş" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş "Üfüq" Karyera İnkişaf Müsabiqəsinin iştirakçıları və qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Xatırladaq ki, müsabiqənin əsas məqsədi potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır. "Üfüq” Karyera İnkişaf Müsabiqəsi qeydiyyat, onlayn seçim, əyani seçim (qabiliyyət üzrə) və finaldan ibarət olmaqla 4 mərhələdə keçirilib. Bir neçə min iştirakçının qoşulduğu müsabiqədə Aqrar Sığorta Fondunun əməkdaşları da uğurla iştirak edib. Müsabiqənin sonuncu - final mərhələsinə Aqrar Sığorta Fondunun 4 əməkdaşı qatılıb. Bunlar: Aqrar Sığorta Fondunun, “Beynəlxalq Əməkdaşlıq və Tədqiqat şöbəsi”nin aparıcı mütəxəssisi Aysel Həsənova, Aqrar Sığorta Fondunun “Hadisələrin tənzimlənməsi və araşdırılması şöbəsi”nin şöbə müdirinin müavini Əkbər Məmmədov, Aqrar Sığorta Fondunun "Hüquq, kadr və sənədlərlə iş" şöbəsinin müdiri Əminə Qasımova və Aqrar Sığorta Fondunun İdarə Heyəti Sədrinin müşaviri Rəvan Səmədlidir. Aysel Həsənova, Əkbər Məmmədov, Əminə Qasımova müsabiqənin final mərhələsinin uğurlu iştirakçıları olub və 205 finalçı arasında ilk yüzlükdə yer alıblar. Rəvan Səmədli isə "Üfüq" Karyera İnkişaf Müsabiqəsində ən yüksək xal toplayanlardan biri olaraq 2-ci yeri tutub. Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov Kənd Təsərrüfatı Nazirliyi və "Yüksəliş" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Üfüq" Karyera İnkişaf Müsabiqəsinin, əməkdaşların bilik və bacarıqlarının ortaya çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək fond əməkdaşlarının bu müsabiqədə fəal iştirakını yüksək qiymətləndirib. Tədbirdə Aqrar Sığorta Fondunda gənc əməkdaşlara yaradılan şərait və onların inkişafı imkanları barədə geniş məlumat verilib, bildirilib ki, hazırda fondda gənc əməkdaşlar məsul vəzifələrdə uğurla təmsil olunurlar.
Aqrar Sığorta Fondunda "Üfüq" Müsabiqəsinin qalib və iştirakçıları mükafatlandırılıb
